Bədənimizdəki su çəkimizin üçdə ikisini təşkil edir.
Qida və tullantıların daşınması, bədən temperaturunun nizamlanması, oynaqlarda sürüşkənliyin və orqanizmdəki bir çox kimyəvi reaksiyaların tənzimlənməsi baxımından suyun əhəmiyyəti çox böyükdür.
Bədənimiz tərləmə, sidik və nəfəs yolu ilə fasiləsiz su itkisinə məruz qalır.
Hədsiz itkinin qarşısını almaq və bədəndəki maye nisbətini qorumaq üçün bəlli miqdarda su içmək vacibdir.
Orqanizmdəki suyun yarısını itirmək öz mənfi təsirini dərhal büruzə verir.
Belə hallarda insan su içməzsə, vəziyyəti daha da pisləşər və bu, hətta ölümlə də nəticələnə bilər.
Bəziləri hesab edirlər ki, susuzluq hissi böyük həcmdə su itkisinin əlamətidir.
Amma mütəxəssislər deyirlər ki, bu hissi yatışdıracaq qədər su içmək kifayətdir, daha artığına ehtiyac yoxdur.
Çünki su tələbatına nəzarət mexanizmi orqanizmin təkamül yoluyla təkmilləşmiş ən mükəmməl xüsusiyyətlərindən biridir.
Sağlam orqanizmdə su itkisi başlayan kimi beyin dərhal susuzluq hissini oyadır və beləliklə də su qəbulu təmin edilmiş olur.
Eyni zamanda, beyin böyrəklərə mesaj göndərərək sidiyin kondensasiyasını artırır və orqanizmdəki suyun mühafizə edilməsinə nail olur.
Qısası, bədənimiz ona nə qədər su lazım olduğunu bilir.
Kalorili olmadığı üçün su ən zərərsiz içkidir, amma çay, qəhvə, hətta spirtli içkilər də orqanizmin su ehtiyacını ödəyə bilir (qəhvədə müəyyən qədər sidikqovuculuq xüsusiyyəti olsa da).