Mütəxəssislər bildirirlər ki, ən isti çöldə insan bədəni bir saat ərzində iki litr su itirə bilir.
Onlar şəhər həyatındakı qısa məsafəli hərəkətlər zamanı su itkisinin çox az olduğunu və ona görə də yanımızda həmişə su gəzdirməyin mənasız olduğunu qeyd edirlər.
İngiltərənin Milli Səhiyyə Xidmətləri təşkilatı gündəlik su normasını 6-8 stəkan göstərir. Buna yağsız süd, şəkərsiz içkilər, şay və qəhvə də daxildir.
Ancaq 60 yaşdan sonra orqanizmin susama mexanizmi həssaslığını itirir və bu, yaşlılarda su itkisi riskini artırır.
Ona görə də yaşlı insanlar maye qəbuluna diqqətli yanaşmalıdırlar.
Üstəlik, bunu da yadda saxlamaq lazımdır ki, gündəlik su norması insanın yaşından, cinsiyyətindən, yaşadığı mühitdən və fiziki aktivliyindən də asılıdır. Bu baxımdan gündə 8 stəkan su içmək qaydası məsələyə çox bəsit yanaşmadır.